“Kayzen: Xırda addımlarla vərdişləri dəyişməyin Yapon metodu” | Kitabdan 10 dərs

   “Kayzen: Xırda addımlarla vərdişləri dəyişməyin Yapon metodu”    | Kitabdan 10 dərs
  20 Mart 2024    Oxunub:1177
Sara Harvinin yazdığı “Kayzen. Xırda addımlarla vərdişləri dəyişməyin Yapon metodu” (Kaizen. The Japanese Method for Transforming Habits, One Small Step at a Time) kitabı Gündoğar Ölkədə inkişafa yanaşmanın məşhur fəlsəfəsini açıqlayır. Müəllif yaponların xırda addımlarla inkişafı nəzərdə tutan “Kayzen” düşüncəsini araşdırır və oxucuya təqdim edir.
Kitabdan çıxan əsas nəticələr bunlardır:

1. İnkişaf daimi olmalıdır.
O, bir dəfə baş verən hadisə deyil. Fərdlər və təşkilatlar davamlı xırda dəyişikliklər yolu ilə zaman keçdikcə təkmilləşə bilərlər.

2. Kiçikdən başla. “Kayzen” fəlsəfəsi xırda, asan tətbiq edilə bilən dəyişiklikləri vacib sayır. Böyük hədəflərə gedən yolu xırda pillələrə bölməklə daha asan keçmək mümkündür.

3. Diqqəti nəticənin yox, prosesin üzərində cəmləşdirin. Bu zaman buraxılan səhvləri və nəyin üzərində xüsusi dayanmalı olduğunuzu daha yaxşı görəcəksiniz.

4. Tək əldən səs çıxmaz! Bu prinsip Kayzen fəlsəfəsində də keçərlidir. İnkişaf və kamilləşmə birlikdə daha asan olur. Komanda üzvlərinin ağlı bir yerə cəmləşəndə innovativ həllər və müsbət dəyişikliklər daha rahat tapılır.

5. İtkiləri azaldın. Az əhəmiyyət daşıyan şeylərə vaxt və enerji sərf etməyin. Təkmilləşmənizə xidmət etməyən addımlar atmaqdan çəkinin.

6. Səhvlərdən öyrənin. Hər bir addımın verdiyi nəticəni təhlil edib, dərslər çıxarmaq vacibdir. Konstruktiv tənqidə hər zaman açıq olmalısınız.

7. Ətrafınız sizə dəstək olmalıdır. İnandığınız, etibar etdiyiniz, güvəndiyiniz insanların köməyi, ürək-dirək verməsi inkişafınızda böyük rol oynayacaq. Sosial ətrafınız belə insanlardan ibarət olmalıdır.

8. Uğuru və inkişafı seçin. “Kayzen” fəlsəfəsinin əsas müddəalarından biri budur ki, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, uğuru görmək, qeyd etmək və yaşamaq lazımdır. Bu yolla istər fərdlər, istərsə də təşkilatlar inkişaf üçün motivasiyalarını gücləndirirlər.

9. Səbirli və israrlı olun. Müsbət dəyişikliklər dərhal baş vermir. Təkmilləşməyə doğru uzun yolu hövsələ ilə, əngəlləri aşa-aşa getmək və qalıcı nəticələr əldə etmək lazımdır.

10. Hər kəs üçün həyat fəlsəfəsi. “Kayzen” təlimi universaldır, onu hər bir insan və ya təşkilat tətbiq edə bilər. O həm işdə, həm də şəxsi həyatda keçərlidir. Davamlı inkişafda maraqlı olan hər kəs “Kayzen”i həyat tərzinə çevirə bilər.

Son olaraq: Biz “uğur” deyəndə böyük, nəhəng hadisələri nəzərdə tuturuq. Halbuki, elə hadisələr heç vaxt birdən-birə baş vermir. Böyük uğur – inkişaf yolunda atılan xırda addımların cəmidir. Hər bir elə addımın dəyərini bilmək lazımdır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Kitab  





Xəbər lenti